AZƏRBAYCAN, ÖZBƏK VƏ DİGƏR TÜRK DİLLƏRİNİN TƏDRİSİNDƏ LATIN QRAFİKALI MÜASİR TÜRK ƏLİFBALARININ ROLU
Keywords:
türk yazı mədəniyyəti, latın qrafikalı türk əlifbaları, ortaq türk əlifbası.Abstract
Türk xalqlarının bəşər mədəniyyətinə bəxş etdikləri yazı mədəniyyətinin tarixi çox qədimdir. Azərbaycanda qədim tarixə malik əlifbanın mövcudluğu elmdə təsdiq olunmuşdur. Lakin ərəblər türk dünyasını fəth edərkən türkün qədim və tarixi milli əlifbası – yazı mədəniyyəti itirildi. Ərəb qrafikalı əlifba uzun əsrlər boyu türk xalqlarının dilinə, mədəniyyətinə xidmət etmişdir. Lakin ərəb əlifbasında türk dillərinin saitlərini əks etdirən xüsusi işarələrin olmaması, bir neçə səsin bir işarə ilə yazılması həmin əlifbanın türk dillərinin əlifbası kimi işlədilməsində həmişə çətinliklər yaratmışdır. Buna görə ərəb əlifbasının dəyişdirilməsi bir zərurətə çevrilmişdi. Ərəb əlifbasının dəyişdirilməsinin ilk təşəbbüskarlarından biri görkəmli Azərbaycan mütəfəkkiri M.F.Axundov olmuşdur. Sonralar ərəb qrafikalı əlifbadan istifadə edən digər türk xalqları da əlifbanın dəyişdirilməsinin tərəfdarları olmuşlar. Yenidən müstəqillik qazandıqdan sonra əlifbanın latın əsasına keçirilməsi barədə ideyalar daha böyük vüsət aldı. Hədəfdə türk xalqlarının ortaq türk əlifbasının yaradılması ideyası durur. Bunun üçün qəbul olunmuş ayrı-ayrı türk xalqlarının latın qrafikalı əlifbasının təhlilinə ehtiyac var.